
15 saylı Yasamal 1-ci seçki dairəsindən deputatlığa namizəd Babək Bayramovun seçki platforması
Babək Famil oğlu Bayramov
Təvəllüd: 22.03.1976
Doğulduğu yer: Beyləqan şəhəri
Yaşayış yeri: Bakı şəhəri, Yasamal rayonu
Təhsili: Ali
İxtisaslar:
1.İqtisadçı - Azərbaycan İqtisad Universiteti
2.Psixoloq - Kiev Milli Ticarət və İqtisadiyyat Universiteti
3.Siyasi psixoloq – Ukrayna Dövlət Xidməti Kadrlarının Hazırlanması İnstitutu
Dissertasiya mövzusu:
Hökumətin fəaliyyətindən vətəndaş məmnuniyyətinin psixoloji amilləri.
Mən siyasətə gəldikdən sonra Azərbaycanda nə dəyişəcək?
Yasamal rayonu üzrə
1. Rayon ərazisində seçkidən dərhal sonra yalnız seçicilər üçün tam ödənişsiz fərdi inkişaf klubları yaradılacaq. Bu klublarda insanların öz daxili potensiallarını kəşf etmələrinin yolları öyrədiləcək. Motivasiya, ailə münasibətləri, psixoloji xidmətlər, biznes quruculuğu, effektiv ünsiyyət, yaradıcı düşüncə, stressin idarə olunması, öyrənmənin asanlaşması və s. kimi mövzuların əhatə ediləcəyi bu klublar sosial innovasiyadır.
2. Seçicilərin bütün müraciətlərinə baxılacaq, araşdırılacaq və aidiyyatı qurumlarla əlaqə yaradılaraq qanunlara uyğun şəkildə həll ediləcək. Sosial problemlərin həlli üçün bütün zəruri köməkliklər göstəriləcək.
3. Narkotik asılılığından azad olunmağın əksər hallarda mümkün olmadığı və müalicə metodlarının çox bahalı olduğu hər kəsə məlumdur. Bütün dövrlərin bəlası hesab olunan narkomaniyanın tam, ağrısız və qalıcı şəkildə ortadan qaldırılması üçün əlimizdə olan çox nadir proqram tam ödənişsiz şəkildə tətbiq olunacaq və bu asılılıqdan əziyyət çəkən gənclərimizin azad və sağlam həyata qaytarılması üçün onlara xidmət göstəriləcək. Qeyd edək ki, proqram bütün dünyadakı vasitələrdən daha effektivdir və uğurla sınaqdan keçmişdir.
4. Qadın hüquqlarının möhkəmlənməsi üçün təbliğat və təşviqat işləri aparılacaq, hüquqi və psixoloji yardımlar təmin ediləcək.
5. Məşğulluq məsələlərinin həlli xüsusilə diqqət mərkəzimizdə olacaq, işsizliyin azaldılması üçün aidiyyatı orqanlarla, müəssisə və təşkilatlarla əməkdaşlıq ediləcək, gənclərin müxtəlif peşələrə yiyələnməsi stimullaşdırılacaq.
Qanunvericilik üzrə
1. Koçluq fəaliyyəti üzrə qanun layihəsi hazırlanaraq Milli Məclisin müzakirəsinə çıxarılacaq.
2. Sahibkarlığın stimullaşdırılması üçün qanunvericilikdə zəruri dəyişikliklərin aparılmasına aid təkliflər Milli Məclisin müzakirəsinə təqdim olunacaq.
3. Təhsil, səhiyyə və elmi innovasiyaların təşviqi üzrə qanun layihələri Milli Məclisə təklif ediləcək.
4. Gənclər siyasəti üzrə görüləcək çox zəruri işlər var. Gənclər hər zaman aparıcı qüvvə olmuşdur və bu qüvvənin səmərəliliyini artılacaq bir çox qanun layihələri Milli Məclisin müzakirəsinə çıxarılacaq və qəbul olunması üçün nə lazımdırsa ediləcək.