Less

Şişirənlər və Azaldanlar - NLP

Həyatınızın keyfiyyəti, ünsiyyətinizin keyfiyyətinə bağlıdır!

NLP-yə görə insan həqiqətə deyil, həqiqətin öz zehnindəki xəritəsinə reaksiya verər. Bunu əmin olmaq üçün sizə bir test etməyinizi tövsiyyə edirəm:

  1. Gözünüzü yumub, hər iki qolunuzu irəli uzadın.
  2. Sağ biləyinizin iplə bir hava şarına bağlandığını zehninizdə canlandırın və bu hava şarı çox böyükdür, qüvvətlə biləyinizi yuxarı dartır.
  3. Sol biləyinizdən isə böyük və ağır bir daşın iplə  sallandığını xəyal edin. 
  4. Hava şarı və daşı çox qüvvətlə (realmış kimi) canlandırın və gözünüzü açıb qollarınızın vəziyyətinə baxın.

Əgər bu testi göstərilən ardıcıllıqla yerinə yetirdinizsə, sağ qolunuzun yüngülləşdiyini, sol qolunuzun isə ağırlaşdığını hiss edəcəksiniz. Həqiqətdə nə şar var, nə də daş. Beyin dünyanı necə təmsil edirsə, bədən ona reaksiya verir. Həqiqəti yaradan bizik!

Bəziləri hadisələri zehnində böyüdərkən (bu DƏHŞƏT bir şeydi), digərləri eyni hadisəni kiçildir (xırda-para məsələdir). 

Hadisələri gözlərində şişirən insanlar, əhəmiyyətini azaldanlara adətən qıcıq olurlar: Allahın bəxtəvər bəndəsisən, necə rahat otura bilirsən? 

Hadisələri kiçik görənlər də, şişirənlərə təəccüb edirlər: Məncə sən bu işi çox böyüdürsən. Qarışqadan fil düzəltmək nəyə lazımdır ki?

Şişirənlərin bədənlərində bir gərginlik, sürətli reaksiya vermə, gözlərində hərəkətlilik, üzlərində nigarançılıq aydın seçilir. Bir qədər diqqətli olsanız qarşı tərəfin bədənindən bunu “oxuya” bilərsiniz. Belələrini adətən “həyəcanlı” tiplər adlandırırlar.

Azaldanların bədənlərində isə rahatlıq, ləng reaksiya vermə müşahidə olunur. Onlar tələsmədən öz fikirlərini söyləyəcəklər, onlara şişirənlərin davranışları qəribə gələcək. Onlar çox rahat insanlardır.

Şişirmə və ya azaltma sadəcə problemli məsələlərə münasibətə aid deyil, pozitiv məsələlər üçün də eyni şey keçərlidir. Kiçik bir hədiyyəni “sanki mənə dünyanı verdi” deyərək ifadə edən insanlarla qarşılaşmısınızmı? Yaxud, iki günlük adi bir tətili ağızdolusu dayanmadan danışanlara yəqin ki, rast gəlmisiniz. Onların bədənindəki aktivliyi, canlanmanı da xatırlamanızı xahiş edəcəm. Bu adamları “optimist” olaraq adlandırırıq, onlar hər şeydə fürsət axtaranlardır. 

Müsbət hadisələrin əhəmiyyətini azaldanlarda isə əksinə bir boşluq duyğusu, neqativ ancaq süst mimiklər, gücsüzlük müşahidə edəcəksiniz. Onlar öz daxili resurslarını da, həyatın gözəlliklərini də kiçildirlər. Dünyanın ən xoş xəbərini onlara versəniz təxminən “...nə olsun ki...nə xeyri varki...guya nə olacaq ki...” şəklində reaksiya alacaqsınız. Haqlısınız, “pessimistlər” bu insanlardır. 

Unutmayın, insanlar öz səbəbləri ilə hərəkət edərlər, bizimkilərlə deyil. Onlara təsir etməyi, onların seçim və davranışlarını dəyişməyi istəyirsinizsə, onların zehin xəritələrini öyrənməlisiniz. O zaman ünsiyyətinizin effektini artırmış olarsınız. Qarşınızdakı şəxs sizin sevgiliniz, müdiriniz, övladınız, əməkdaşınız ola bilər. 

Həyatınızın keyfiyyəti, ünsiyyətinizin keyfiyyətinə bağlıdır!

 

Babək Bayramov

NLP Master Trainer 

DİGƏR KATEQORİYALAR
Oxşar yazılar
Beyin Gücü & NLP

İradəm Çatmadı...

Ətraflı