Less

Zehninizdəki LİMİTLƏRİ dəyişin, həyatınız dəyişsin

İnternətdə gəzərkən qarşınıza iki iş elanı çıxdığını təsəvvür edin.

İnternətdə gəzərkən qarşınıza iki iş elanı çıxdığını təsəvvür edin. Birində 70.000 manat, digərində isə 700 manat əmək haqqı təklif olunur. Sizcə bunlardan hansına daha çox CV göndəriləcək? Cavab vermədən əvvəl bir az düşünün. Statistika göstərir ki, 700 manatlıq işlərə 70.000 manatlıq işlərdən dəfələrlə çox tələb var. Sizcə insanlar niyə kiçik şeylər uğrunda, böyük şeylərlə müqayisədə daha çox mübarizə aparırlar?

Zehniniz limitlərlə işləyir

Məhdudiyyəti qoyan zehindir. Müəyyən bir limitdən sonra zehnin əməliyyat forması dəyişir. Limitlər iki istiqamətdə mövcud olur: Aşağı limitlər və yuxarı limitlər. 
Universitetdən yeni məzun olmuş bir şəxslə, holdinq rəhbərliyindən istehfa etmiş və iş axtaran bir şəxsin maaş limitləri eyni deyil. Universitetdən yeni məzun olmuş şəxs iş axtararkən təxminən maksimum 400 manat civarında iş axtarır və hesab edir ki, bundan artıq əmək haqqını ona verməzlər. O eyni zamanda aşağı limitini də bilir: “Ayda 200 manatdan aşağı maaşa işləmərəm.” 
Əvvəllər holdinq rəhbəri olmuş şəxsin axtardığı maaş limiti də ən az 6.000 manat həddindədir. Onun da yuxarı maaş limiti var. Məsələn, 15.000 manatdan yuxarı maaş gözləntisi olmur. Ancaq limitlər insandan-insana dəyişir. Ola bilsin ki, bəzi insanlar bir qədər çox və ya az limitlər müəyyənləşdirə bilərlər.

Limitlərimiz inanclarımızdır

Limitlər hədəflərimiz üçün də keçərlidir. Bir hədəf müəyyənləşdirərkən hədəfin limitlərinə diqqət etməyimiz lazımdır. Həddən böyük hədəfi gerçəkləşdirəcəyimizə inamımız azdır, həddən kiçik hədəf isə bizə motivasiya verməz, ona “əlimizi bulamaq” istəmərik. Kiçik hədəflər durğunluq yaradır.
Limitlərimiz inanclarımızdır. Əvvəlcə bir şeyi əldə etməyin mümkün olduğuna inanmalısınız. Mümkün olmayacağına inansanız, onu etməyə həvəs duymarsınız. Daha sonra əldə edəcəyiniz şeyə gücünüzün və potensialınızın çatacağına inanmağınız sizi güvən hissi ilə təmin edir. İnanmasanız bədəniniz güvən duyğusu ilə sizi dəstəkləməyəcək. Nəhayət özünüzü əldə edəcəyiniz şeyə layiq bilməlisiniz. Layiq bilməsəniz yenə nəticə ala bilmərsiniz. 

İnanaclar o qədər qüvvətli mexanizmlərdir ki, özləri-özlərini reallaşdırırlar. Onlar bütün davranışlarınıza nəzarət edirlər. Dünyaya inanclarınızın fonunda baxarsınız. İnanclarınız nəyə diqqət edəcəyinizi müəyyənləşdirir, ona görə də inandığınız şeyləri görərsiniz.

Limitlər müxtəlif ölçülərdə olur

Bir dəfə ticarətlə məşğul olan bir neçə kiçik biznes sahibi ilə söhbət edərkən onlara bir sual verdim: Kassanda cəmi 50.000 manatın varsa, nə qədər malın məsuliyyətinin altına girərsiniz? Cavablar müxtəlif oldu, biri 40.000 manat, digəri 60.000 manat, başqa biri isə 80.000 manat deyə cavab verdi. Bir başqa dostum isə, “Babək müəllim, mənim bir dəfə 50.000 manat borcum vardı, ancaq 600.000 manatlıq nisyə mal götürmüşdüm”, dedi. Göründüyü kimi, insanlar müxtəlif limitlər müəyyənləşdirə bilirlər. 

İnandığımızı görərik

Bütün inanclarınız ümumiləşdirilmiş fikirlərdir. Bu ümumiləşdirilmiş fikirlərin mənbəyi isə təcrübələrdir. Keçmişdə bir-birinə bənzər bir neçə təcrübə yaşadıqdan sonra, beyniniz bir fikir ümumiləşdirir. Məsələn, bir dəfə münasibətində xəyanətə uğrayan bir adam növbəti münasibət qurduğu insana şübhə ilə yanaşa bilir və onun hər davranışını bu zehniyyətlə mənalandırır. İnsan şüuraltı səviyyədə inandığını görməyə meyllidir. Ona görə də, zehin hər dəfə də inancı təsdiqləyən sübutlar yaradır və beləliklə inanc daha da güclənir. Əgər xəyanətə bir neçə dəfə məruz qalarsa inancın miqyası böyüyür və ümumiləşir: “Bütün kişilər xəyanətkardır!” Daha sonra qadınlarda da bənzər davranışlar axtarır və tapır. Nəticədə inancın miqyası daha da genişlənir: “Bütün insanlar etibarsızdır!” Daha sonra ümumiləşmə genişlənə bilir: “Həyat mənasızdır, çünki heç kimə güvənmək olmur.”
İnsanlar və həyat haqqında neqativ düşüncələr bir dəfə möhkəmləndikdən sonra gedərək digər təcrübələrin köməyi ilə möhkəmlənir. İnsan inandığını görüdüyü üçün qavramada seçicilik yaranır, yəni insanların etibarlılığı görünməz hala gəlir.  
Bu vəziyyətin pozitiv formatı da qüvvədədir. Bir insana sevgi ilə yanaşandan sonra əvəzini görəndən sonra o insan haqqında pozitiv düşünməyə başlayırsan: “Çox anlayışlı biridir!” Təkrarlanan təcrübələr nəticəsində digər insanlarla da münasibətlərində qarşılıq görəndə “Sevgi almaq istəyirsənsə, sevgi verməlisən!”, şəklində bir fikir ümumiləşdirir. Təcrübələrlə daha möhkəmlənən bu inanc: “Həyat gözəldir, çünki sevgidən ibarətdir”, şəklinə gələ bilir. Çox az görünsə də, belə hallar da baş verir. 

Zehnimiz limitləri dəyişə bilir

Məsələ orasındadır ki, nə birinci misalda, nə də ikincidə həqiqətdən söhbət gedə bilməz. Nəyə inanırıqsa o bizim həqiqətimizə çevrilir.
Birinci misaldakı insan xəyanətə uğramadan əvvəl insanlara olan güvəninin miqdarını 10 ballıq şkala ilə 8 olaraq dəyərləndirə bilərdisə, xəyanətə uğradıqdan sonra bu rəqəm 6 ola bilər. Bu hadisə dəfələrlə təkrarlandıqdan sonra isə güvəni 3-2 və ya daha aşağı göstərici ilə dəyərləndirilə bilər. 

Limitlərimizi özümüz necə dəyişə bilərik

Zehnimiz həyatdakı təcrübələr əsasında inanclar yaratdığına görə, biz yeni təcrübələr yaradaraq inancları şüurlu şəkildə dəyişə bilərik. İnancları məqsədyönlü dəyişməyin başqa bir yolu isə, inancları mühakimə etməkdir. Məsələn, insanların əksəriyyəti yaxşı hiss etmək üçün yaxşı bir hadisənin baş verməli olduğuna inanır: “Gərək yaxşı bir şey baş versin ki, mən özümü yaxşı hiss edim”. Tez-tez: “Hansı günümə yaxşı olum?”, deyən insanları çox görmüsünüz. Əslində isə bu sadəcə inancdır, həqiqət deyil. Yaxşı hiss etmək üçün heç nəyə ehtiyacınız yoxdur. Səbəbsiz yerə pis hiss etdiyiniz kimi, səbəbsiz yerə yaxşı da hiss edə bilərsiniz.  Demək olar ki, həmişə seminarlarımda və koçluq seanslarımda insanlardan “real olmaq lazımdır”, dediklərini eşidirəm. Necə olur ki, neqativ hiss edəndə real olur, pozitiv hiss edəndə qeyri-real? 
“Problemləri həll etməliyəm”, deyən birinə “ Problemlərini həll elə, ancaq bunun yaxşı hiss etməyinlə heç bir əlaqəsi yoxdur”, deyirəm. Neqativ hiss edəndə problem həll olunur? Xeyr! Əksinə, problemi həll etmək üçün yaradıcılığa ehtiyac var, yaradıcılığı qidalandıran isə gözəl duyğulardır. 
Göründüyü kimi, inancları mühakimə edəndə heç bir əsasının olmadğını fərq edirik. Çünki, onlar sadəcə ümumiləşdirilmiş fikirlərdir və şüuraltına duyğularla kodlanıblar.  
Bizi gücləndirən inanclar haqqında da eyni şeyi söyləmək olar. Sadəcə onlar bizi gücləndirdikləri üçün onlara inanmağa davam etməkdə fayda var. Biz biz edən inanclarımızdır. 
Limitləri dəyişdirmək üçün bir çox yanaşma və texnikalar kompleksindən istifadə edirəm: Lövbərlər, dil çərçivələri, ağız cəldliyi, göz siqnalları, zaman xətti, alt-model dəyişikliyi və s. 
Onlarla inanc dəyişmə strategiyaları var. Onların bəziləri verbal, bəziləri qeyri-verbal texnikaları əhatə edir. Bəzən təcrübələrin sturukturun, bəzən mənanı dəyişmək lazım gəlir. Bəzən isə, içində olduğumuz əhvalı dəyişəndə inanc öz mənasını dəyişir. 

Limitlərinizi dəyişin! 

Bir satış menecerinin nə qədər satacağını, bir şagirdin dərsi nə qədər vaxta öyrənəcəyini, bir insanın nə qədər varlanacağını, bir xəstənin nə qədər tez sağalacağını, bir ustanın gün ərzində nə qədər daş hörəcəyini müəyyənləşdirən inanclar var. İnanclar dəyişməsi, insanın zehnindəki limitlərin dəyişməsidir. Zehində baş verən hər bir dəyişiklik həyatda əksini tapır.
Limitlərinizi dəyişməyinz üçün əvvəlcə onların fərqində olmalısınız. Unutmayın, həqiqət dediyiniz hər bir şey, inancınızdan başqa bir şey deyil. 
“Edə bilməyəcəm” dediyiniz məsələlər inanclarınızdır. Edə biləcəyinə inanan zehin, necə edəcəyinin bir yolunu tapa bilər. 

 

Babək Bayramov
NLP Master Trainer
Master Certified Coach

DİGƏR KATEQORİYALAR
Oxşar yazılar
Motivasiya & Performans

Dəyişim ALQORİTMİ

Ətraflı