Less

Narkomaniyanın “Yalançı Həqiqətləri”

Ağ ölümdən ağrısız və asanlıqla qurtulmaq mümkündür.

Dovşan meşədə qaçarkən, marixuana dolduran Zürafəni görür və ona deyir: 
- Dostum Zürafə, çəkmə bunu, sağlamlığa ziyandı. Qoşul mənə, qaçaq, formaya düşək. Zürafə razılaşır və onlar birlikdə qaçırlar. 
Birazdan qarşılarına kokain iyləməyə hazırlaşan Fili görürlər. Dovşan ona deyir:
- Fil qardaş, kokaini at, gəl bizimlə qaç. Sağlamlığın yaxşılaşar, bədənin formaya düşər. Fil razılaşır.  
Bir qədər sonar qarşılarına heroin vurmağa hazırlaşan Şir çıxır. Dovşan ona da nəsihət verir: 
- Əzizim Şir qardaş , bataqlıqdan çıx, gəl bizə qoşul.  
Şir yaxınlaşır və var gücü ilə dovşanın üzünə bir şillə vurur. Dovşan sərilir yerə, digərləri çaşqınlıqla Şirdən soruşurlar: 
- Bunu niyə vurdun? O sənin yaxşılığını istəyirdi. 
Şir cavab verir:
- Bu axmaq həmişə ekstazi atanda bizi meşədə dəli kimi qaçırdır. 

Opium, koka yarpaqları, morfin, həşiş və başqa maddələrin tibbin xaricində istifadə olunması narkomaniyadır.

Narkomaniya Bütün Dövrlərdə Mövcud Olub

Narkotik maddələrdən istifadənin kökü çox qədim dövrlərə qədər gedib çıxır. Aztek və Mayya sivilizasiyalarında narkotik tərkibli göbələklərin şamanik mərasimlərdə istifadə edildiyi ilə bağlı tarixi faktlar var. Asiya qitəsində şaman mərasimlərində də narkotik tərkibli bitkilərdən istifadə olunub. Kokain Cənubi Amerika yerliləri tərəfindən istifadə olunub və hələ də olunmaqdadır. 3000 illik tarixə malik Hind mətnlərində marixuana müqəddəs bir mövqeyə sahibdir. Mesopotomiyada da Assuriya və Şümerlərə aid mənbələrdə narkotik tərkibli bitkilərin əkinindən bəhs edilir. Bu bitkilər ilahi bitkilər hesab olunardı. 

Narkoman Zehniyyəti

Dünyanın qlobal problemlərindən hesab olunan narkomaniya, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə daha geniş yayılmaqdadır. Narkomaniya xroniki bir aludəçilikdir və məcburi istifadə tələb edir. Narkomanlar narkotik maddənin zərərlərinin fərqində olmalarına baxmayaraq damarlarını deşməyə davam edərlər. 

Narkomaniya zehnin sturukturunu çox dəyişdirir. Narkomanın ehtiyac və arzularının, dəyərlərinin iyerarxiyası pozulur və narkotik istifadəsi ilə bağlı prioritetlər dəyişilir. Narkotikin əsirinə çevrilmiş insanlar normal vəziyyətdəki seçimləri və davranışları etmirlər. Ona görə də narkomaniya ictimai, sosial, iqtisadi və hüquqi problem hesab olunur. 

Yalançı “həqiqətlər”

Uşaqlıqdan bəri narkomaniya ilə bağlı çox dəhşətli xəbərlər eşitmişdim. Onların heç zaman düzələ bilməyəcəyi, daim beyinlərində narkomaniyanın köklərinin qalacağı, keçmiş narkomanların hər an yenidən narkotik istifadəçisinə çevrilə biləcəyi kimi fikirlər mənim də düşüncəmə hakim idi. Ancaq, narkomanlarla işləmə fürsəti əldə etdikdən sonra, bütün bu fikirlərin “yalançı həqiqətlər” olduğu qənaətinə gəldim. 

Təcrübələr mənə çox şey öyrətdi və narkomaniyanı asanlıqla, ağrısız ortadan qaldırmaq üçün xeyli modellər işləyib hazırladım. Zamanla bu modelləri təkmilləşdirib, daha yaxşı metodika halına gətirdim. Bu sahədə təcrübəm çoxaldıqca narkomaniya probleminin həllində başlıca maneə olan şeyin yuxarıda bəhs etdiyim “yalançı həqiqətlər” olduğu qənaətinə gəldim. Əlimdə olan metodika sayəsində narkomaniyanın ağrısız, iradə gücü sərf etmədən bir aydan dörd aya qədər müddətdə, geri dönüşü olmayacaq şəkildə ortadan qaldırmaq mümkündür. 

İndiyədək aşkar etdiyim bu inanc qəliblərinin sayı yüzü keçir, ancaq zamanla apardığım tədqiqatlar nəticəsində buna yeniləri də əlavə olunur. Sadəcə nəzərə almaq lazımdır ki, hər narkoman fərdi dünya modelinə malikdir və fərdi “yalançı həqiqətlər” fonunda hərəkət edir.  İndi həmin həqiqətlərin bəzilərini sizinlə bölüşmək istəyirəm.

Yalançı Həqiqət 1:
“Narkotiki atmaq çətindir!”

Bir işin çətin olduğunu söyləyirsinizsə, bu o demək deyil ki, o iş çətindir. Bu o deməkdir ki, siz onun asan yolunu bilmirsiniz. Siz bir şeyə “çətin” deməklə həqiqəti ifadə etmirsiniz, sadəcə inancınızı ifadə edirsiniz. 

“Narkotiki atmaq çətindir” inancı narkomanın təcrübələrinə əsaslanır. Bir çox narkomanlar narkotik bəlasından qurtulmaq üçün hər şeyə əl atırlar. Qan dəyişdirmə, İsraildə və ya Sankt-Peterburqda terapiyalar, dinə bağlanma kimi bir çox üsulu yoxlayırlar, ancaq heç bir fayda əldə edə bilmirlər. Hər bir nəticəsiz təcrübənin sonunda isə inanclarını bir az da itirirlər. 

Arzulanan nəticənin alınmaması, heç də çarənin olmaması, asan yolun olmaması demək deyil. Sadəcə metodikanın effektiv olmadığını göstərir.

Burda bir sirr açım ki, bütün digər metodlar narkomanın narkotikdən istifadə ETMƏMƏ səbəblərinə baxarlar. Mən isə onların narkotikdən istifadə etməmə deyil, ETMƏ səbəblərinə baxaram. Əgər narkomanın heroini damarına vurma səbəbləri ortadan qalxarsa, o narkotikdən istifadə etməz. 

Yalançı Həqiqət 2:
“Ağrılara dözmək lazımdır!”

Bəzi narkomanlar narkotikdən çıxmağın ağrılı prosses olduğunu düşünürlər. Bunun da əsası var, çünki metodikaların bir çoxunda onları qapalı məkana kilidləyib, narkotiki əldə etmələrinə əngəl olmaq var. 

Bu isə uğurlu bir üsul deyil. Narkoman azadlıq əldə etdikdən sonra ilk işi narkotikə yenidən qovuşmaq olur. Həbsə düşüb uzun illər narkotik istifadə etməyən narkomanların demək olar ki, hamısı həbsdən çıxdıqdan sonra təkrarən narkotik istifadəçisinə çevrilir. 

Çünki, həbsdə olan müddətdə narkomanın zehni burada narkotik əldə etməyin mümkünsüzlüyü həqiqətini qəbul edir. Yəni, narkomaniyaya bir sistem kimi baxdıqda, ortaya maneə çıxdığı üçün sistem işini bir müddətlik dondurur. Burada sistem eynilə oruc tutan insanlarda olduğu kimi işləyir. İnsan zehni iftara qədər qida qəbul etməyin qadağa olduğunu bildiyi üçün, mərkəzi sinir sistemi ismarıcı alır və iştah duyğusunu yaratmır. İftar saatları yaxınlaşdıqca insan aclıq hiss etməyə başlayır.

Narkomaniyadan çıxmağın ağrılı bir prosses olduğunu iddia etmək “yalançı həqiqət”dən başqa bir şey deyil. Ağrını yaradan müqavimətdir. Narkoman narkotikdən iradə gücünə çıxmağa cəhd edərsə müqavimət yaranır. Əgər müqaviməti ortadan qalxarsa, ağrı da olmaz. 

Yalançı Həqiqət 3:
“İradəm çatmır!”

İradə gücü ilə aparılan bütün dəyişimlərdə müqavimət yaranır. İradə gücü tətbiq edilərək dil öyrənmə, özünü pəhrizə məcbur etmə, iradəni toplayıb idmana başlama prosseslərinin hamısında müqavimət yaranır. Bir sözlə, nəyə özünüzü məcbur etsəniz, bədəninizin müqaviməti ilə üzləşərsiniz. 

Əslində isə, narkomanlar iradəsi zəif insanlar deyillər. Əksinə, onlar iradəcə çox güclü insanlardırlar. Təsəvvür edin, illərlə hər gün narkotik üçün pul tapmaq, bundan ötrü oğurluqlar etmək, insanları aldatmaq və digər risklərə girmək, narkotikdən istifadə üçün təhlükəsiz məkanlar tapmaq, hər gün o zəhəri bədənə yeritmək böyük iradə tələb edir.

Narkomaniyadan qurtarmaq iradə işi deyil. İnsanlar narkomaniyadan qurtulmağı iradə gücünə həll etməyə çalışdıqları üçün bu işi ağrılı prosses kimi qavrayırlar. Mən narkomanla işləyəndə bu sözü deməyi çox sevirəm: “Sən buna rahatlıqla başlamısan, buna rahatlıqla da son verəcəksən.” 

Yalançı Həqiqət 3:
“Kayfa çox meylliyəm!”

Narkomanların özlərinə xas jarqonları var: Bayan, mal, şüşə, kristal, ağ, qara, lomka, puzırok və s. Kayf – narkomaniya jarqonunda “keyf” və ya “həzz” mənasında yer alır. 

Bəzən narkomanlardan bunu soruşuram : “Narkotikdən tam qurtaracağına inanırsanmı?” Əksər hallarda aldığım “yox” cavabı olur. Səbəblərindən biri də budur: “Kayfa çox meylliyəm.” Belə olan təqdirdə soruşuram: “Dünyada elə bir insan varmı ki, kayfa meylli olmasın? 

İnsanların hamısı özünü daha yaxşı hiss etmək istəyirlər. Hamı dünyanın həzzini yaşamaq istəyir. İş adamı biznesini böyütməyi, idmançı çempion olmağı, məmur vəzifədə yüksəlməyi sizcə niyə istəyir? Hamı həzz almaq istəyir. Turizm sektoru, restoranlar və ya əyləncə məkanları insanın həzz ehtiyacını təmin etmək üçün deyilmi? Hər kəs həzz almaq istəyir. 

Həzz almaq istəyi, insana insan olduğunu xatırladan bir şeydir. Tamamilə normaldır. Ancaq bu insanın “damarını deşəcəyi” mənasına gəlməz. 

Yalanlar Dünyasında Yaşayanlar

Yuxarıda qeyd etdiyim kimi, “yalançı həqiqətlərin” sayı çoxdur və hər narkomana aid olan spesifik inanclar var. Ona görə hər narkomanla onun dünyasına görə davranmaq ən effektiv yoldur. Burada sadəcə onlardan bir neçəsini paylaşmaq istədim. 

İndi isə narkomaniyanın ortadan qaldırılması üçün strateji addımları açıqlamaq istəyirəm. 

Narkomaniyadan tez, sürətlə və qalıcı şəkildə qurtulmaq üçün birinci ən vacib məqam inancları, yəni “yalançı həqiqətləri” dəyişməkdir. İnanclar insanların davranışlarına nəzarət edən başlıca sistemlərdir. Onlar məhdudlaşdırıcı xarakter daşıyırsa, insanın həyatını və hədəflərini sabotaj edər. Onun üçün “inanc ekologiyası” təmiz olmalıdır.

İkinci vacib məqam simptomları , yəni narkoman təbiri ilə desək “lomka”nı ortadan qaldırmaqdır. Canı ağrıyan insanın gözünə heç nə görünməz. Ağrı sakitləşmədikcə zehin və bədən üzərində hakimiyyətini sürdürməyə davam edər. 

Üçüncü vacib məqam istəyi yox etməkdir. Çünki, bəzən ağrıya birtəhər davam gətirib, bir neçə ay narkotikdən uzaq duranlar olur. Ancaq istəyi beyindən çıxara bilmirlər. Narkomanlar istəyə “tyaqa” deyirlər. 

Dördüncü vacib məqam isə boşluğu doldurmaqdır. Əgər boşluğun yerində bir hədəf və ya istiqamət yer almazsa, insan narkomaniyaya yenidən qayıda bilər. İnsan üçün ən dəhşətli şeylərdən biri can sıxıntısı və darıxma duyğusudur.

Qeyd edim ki, yuxarıda sadalanan məqamların hər biri üçün fərqli bacarıqlara ehtiyac var. 

Təbliğat

Narkotiki təbliğ edən musiqi, rep, film, meyxana kimi incənət məhsullarının yayılmasının qarşısının alınması vacib məqamdır. Sosial media inkişaf etdiyinə görə hal-hazırda buna nəzarət etmək bir qədər çətindir. Ancaq belə məhsulları təbliğ edənlərə səslənərək demək istəyirəm ki, narkomaniyaya həvəslənən gənclər bizim xalqın övladlarıdır və bunun ağır sosial zərbələri bizə dəyə bilər. 

Narkotik istifadəçiləri sadəcə adi şəxslər olmaya bilərlər. Hansısa nüfuzlu sənətkar, idmançı və ya başqa bir şəxsdirsə, bilmədən bu problemlə üz-üzə qalıbsa ilk növbədə bunu ictimaiyyətdən gizli saxlasa yaxşı olar. Çünki, gənclər onun hansısa başqa sahədəki uğurlarına görə onu modelləyə bilərlər. Anonimliyi qorumaqla bu problemi həll etmək mümkündür. 

Ayrıca narkomaniya əleyhinə effektiv incəsənət məhsullarının yaradılması sosial ehtiyacdır. 

Hər kəsə sağlam həyat diləyi ilə, 

Babək Bayramov
NLP Master Trainer
Master Koç
Psixoloq
 

DİGƏR KATEQORİYALAR
Oxşar yazılar
Sağlamlıq və Həyat Tərzi

İlk 7 SANİYƏ qanunu

Ətraflı